Tolerant olmaq niyə hamımız üçün faydalıdır?

Eli Viezel

Toplum
Photo
“Başqalarından nə öyrənə bilərəm? O, mənim görə bilmədiyim nələri görür?”

2003-cü ildir. Eli Vizelin tədris köməkçisi kimi, hər kurs üçün tədris proqramının layihəsini hazırlamaq mənim işimdir. Layihəni professor Vizelə təqdim edirəm, o da onu özü ilə redaktə etmək üçün Nyu-Yorkdakı evinə aparır. Bəzi kitablar əlavə edir, bəzilərini çıxarır, layihəyə əlavə məqalələr daxil edilməsini xahiş edən bir qeydlə mənə geri göndərir. Hər il müxtəlif kurslar tədris edir, lakin müəyyən mövzulara təkrar-təkrar qayıdır. Bu mövzulardan biri də fərqlilik, müxtəliflik, başqalıqdır.

Mədəniyyətimizdə fərqlər və müxtəliflik mövzusunda apardığımız müzakirə formalarına diqqət yetirdiyimiz zaman gizli meyllilik, tərəfkeşlik görürük. Hazırda yaşadığım Yeni İngiltərədə vaxtaşırı aramızdakı əlaqələri, bağlılıqları xüsusi qeyd edirik, fərqlərimizdən daha çox eyniliklərimiz, bizi birləşdirən cəhətlərimiz haqqında danışırıq. Bu, yaxşıdır,

lakin eyniliyin gizli, sezilməyən tiranlığına gətirib çıxara, ətraflarında yalnız onlara bənzədiklərini düşündükləri insanların olduğu exo-kamerada yaşayan bir toplum yarada bilər. Sosial media problemi çox vaxt hədəqədən çıxararaq daha da kəskinləşdirir.

Bu tendensiya ilə mübarizə aparmaq üçün professor Vizel fərqliliyi belə vurğulayır: “Bu, başqasının məni heyran edən başqalığıdır… Mən ondan nə öyrənə bilərəm? O, mənim görə bilmədiyim nələri görür?” Professor Vizel öz yazılarında və dərslərində dəliləri, asiləri, toplumdan kənarda qalanları, alçaldılmış insanları – həyatda və ədəbiyyatdakı başqaları mədh edir.

Hər şamın özünə kölgə saldığı kimi, hər birimizin də kor nöqtələri var. Yalnız ikinci bir şamı qoyduğunuz zaman kölgələr itir, başqa şamın işığı ilə aydınlanır. Dialoqun başlanğıcı, bizim bu cür aydınlanmanı başqaları üçün edə biləcəyimizi anlamaqdır.

*

Professor Vizel uzaqlaşdırmanın, yadlaşmanın usta sənətkarı Kafka haqqında mühazirəsində deyir: “Kafka yazırdı:

“Mən quş axtarışında olan bir qəfəsəm”.

O, bununla nə demək istəyirdi? Başqasını müəyyən etmək, başqasının üzərinə zorla yük qoymaq kimi öz təbii insan arzularının fərqində idi. Kyerkoqorun yazdığını xatırlayaq: “Mənə yarlıq yapışdırdığın an məni inkar etmiş olursan”. Kafka “Məhkəmə” və digər əsərləri ilə bizə xatırladırdı ki, başqalarının qəfəsə salınmasına rəvac verməməliyik. Əvəzində, başqasının başqalığını qorumalıyıq.”

ABŞ-ın cənubunda endemik bir irqçi ailədə böyümüş Temmi soruşur: “Fundamental olaraq bizim inanclarımıza tamamilə zidd olan inanclara sahib insanlara necə dözə bilərik?”

Professor Vizel söyləyir:

“”Dözmək” (tolerate) sözünü xoşlamıram. Mən kiməm ki, sizə dözüm? “Hörmət” sözünə daha çox üstünlük verirəm. Hətta sizinlə razı olmasam da, sizə hörmət etməliyəm. Əslində, sizinlə razılaşmamaq sizə olan hörmətimin göstəricisidir. Sizə həqiqətən hörmət edirəmsə, sizə qarşı səmimi olmalı deyiləmmi?”

“Bəs həqiqətən də pis insanlara qarşı necə?” deyə Temmi soruşur.

“Öz vicdanım naminə həmin pis insanların, şər insanların insanlığını qəbul etməliyəm. Şəri törədən insanın insan olmadığını düşünmək onu asanlıqla bağışlamaq deməkdir. Heyvanlar kütləvi qətliyam törətmirlər. Həmçinin heyvanlar heç vaxt vəd vermirlər. Düşmənin vədlərinə inanmalı olduğumuzu unutmamalıyıq, nə söylədiyindən asılı olmayaraq, onu bir gün həyata keçirəcək. Düşməninizin sadəcə bir heyvan və ya dəli olduğunu düşünürsünüzsə, onun verdiyi vədləri asanlıqla unudacaqsınız. Qatil də bizim kimi insandır. Lakin o, öz insanlığına xəyanət etməyi seçib. Buna görə də, qatilə qarşı çıxmalıyam, bacardığım qədər onu dayandırmalıyam, bacarmayanda isə, ən azından, etiraz etməliyəm”.

Temmi cavabdan tam razı qalmır. Onun irqçi əmiləri də “başqası”dırmı? Onlar sadəcə təhsilin, yanlış tərbiyənin nəticələridir və hələ də onun sevgisinə layiqdirlərmi?

“Bilirsinizmi,” professor Vizel söyləyir, “uzun illər jurnalist kimi çalışmışam və Yerusəlimdə Ayxmanın məhkəməsini qeydə alanlardan biriyəm. 1961-ci il idi, Ayxman Argentinada israillillər tərəfindən həbs edilmişdi. Ayxmanı bir dəfə 1944-cü ildə, balaca bir şəhərdə görmüşdüm, lakin o zaman onun kim olduğunu bilmirdim. 50 macar əsgəri ilə birlikdə gəlib şəhərimizdəki 15 min yəhudini deportasiya etmişdilər. Bunu daha sonralar öyrəndim. Və onun məhkəməsinə gedərək onun insan olub-olmadığını görmək istəmişdim. Onun da iki gözləri, qulaqları vardımı? O da danışa, gülümsəyə bilirdimi? Bu qədər insanın öldürülməsi bir insanın üzərində nəsə bir iz buraxmalı idi. Məhkəmədə günlərlə ona tamaşa etdim, onun insan olmadığına dair bir işarət tapmağa ümid edirdim, xəyanətin işarəsini axtarırdım. Belə bir işarəni görməyim məni xeyli yüngülləşdirə bilərdi. Lakin mən onda insandan başqa, bir bürokrat, bir mühasibdən başqa bir şey görmədim. Bu o deməkdir ki, hər iki növ insan varlığı eyni elementlərdən hazırlanıb, onlar eyni məkanda, eyni anda yaşayaraq müxtəlif mənəvi dünyalara sahib ola bilərlər.”

Professor davam edir: “Ayxmanın bir oğlu vardı, atasının qana bulanmış keçmişindən xəbəri yoxdu. Atası haqqında öyrənəndən sonra da atasına sevgi və hörmət bəsləməyə davam etdi. Qatilin digər oğlu isə atasının yuyulmaz günahlarını yumağa cəhd məqsədilə katolik keşişi oldu. Bütün bunlar nə anlama gəlir? O anlama gəlir ki, ən qeyri-insani şəxs də insandır və buna müvafiq mühakimə olunmalıdır. Ən kənar, ən ucqar başqası belə öz insanlığından imtina etmiş insandır və biz onu ədalət mühakiməsinə gətirməliyik. Lakin bu ən kənar, ən ekstrim başqasıdır. Həyatımızda çox vaxt sadə, adi bir başqası ilə rastlaşırıq, sadəcə inancları bizimkindən çox fərqlənən birisi ilə. Və biz onu anlamaq, ondan öyrənmək üçün mübarizə aparmalıyıq. Aramızdakı məsafə uzaqlaşmalı olduğumuz şey deyil, ehtiyacımız olan bir nəsnədir.”

Geoff soruşur:“Gündəlik həyatda bunun nəyə bənzədiyinə dair bizə bir nümunə göstərə bilərsinizmi?”

Professor Vizel söyləyir:

“Siz bu otaqda da başqası ilə, sizinkilərdən fərqli inanclara, dəyərlərə, dünya görüşünə sahib digər insanlarla rastlaşa bilərsiniz. Onlarla rastlaşdığınız zaman qarşınızda seçim yaranır. Onları dinləməyi, ya da dinləməməyi seçə bilərsiniz. Ümid edirəm, siz dinləyirsiniz, həqiqətən dinləyirsiniz, başqasının zəif deyil, güclü cəhətlərini tapmağa çalışırsınız. Razılaşmamaq, mübahisə etmək dinləməmək anlamına gəlmir. Digər tərəfdən, kiminləsə razılaşmaq onunla eyniləşmək, onunla birləşmək anlamına gəlmir. Hamımız fərqliyik; hər birimizin öz keçmişi, hər birimizin öz taleyi var”

“Lakin,” Temmi deyir, “əgər başqasının yanaşmasına qarşı narazılığım güclüdürsə, etdiklərinin yanlış olduğuna onu inandırmaq kimi bir öhdəliyim yoxdurmu?”

“Bu, normaldır, lakin əsas məsələ bunu necə etməyinizdir. Hegel deyirdi ki, gerçək faciələr yanlış və doğru arasında baş verən konflikt deyil, iki doğru arasındakı konfliktdir. Bununla bağlı çox gözəl bir hasidik (hasidizm – yəhudilikdə dini təlim) nəzəriyyə var. Deyir, iki insan bir-biri ilə razılaşmırsa, hər ikisi öz tərəflərinə, öz fikirlərinə doğru gedirlər, onlar uzaqlaşdıqca aralarında fəza yaranır. Əgər iki antaqonist bu fəzanı sözlərlə doldurmasalar, bu fəzada dünyalar yaradıla bilər. Sadəcə, iki insan arada fəzanın, məkanın ola biləcəyi üzərində razılığa gələ bilmirlər. Onlar eyni mövqedə olsaydılar, arada məsafə qalmaz, innovasiyaların yaranması üçün məkan olmazdı. Başqa sözlə,

konflikt yaxşı şey ola bilər - əgər doğru edilsə.”

“Amma niyə bizi birləşdirən nəsnələri tapmağa, hər kəslə eyniləşməyə cəhd etməyək?”

“Əlbəttə, bizi birləşdirən nəsnələri axtarmalıyıq”, söyləyir professor Vizel. “Lakin bu axtarışların aramızda olan fərqlilikləri məhv etməsinə izn verməməliyik. Bu təcrübəni orta əsrlərdən bilirik. Kilsə inkvizatorları insanları onların ruhlarının yaxşılığı naminə işgəncə edirdilər. Bu fikrin ürəkdən gəldiyini, səmimi olduğunu bilirik. Buna görə də mərhəmət duyğusunun özlüyündə yetərli olmadığını görürük. Mərhəmət başqasının başqalığının məhv edilməsi ilə birləşdiyi zaman çox təhlükəli olur. Başqasının mənimlə eyni olduğunu düşündüyüm zaman, öz əzab və xilas hesablamalarımı ona da tətbiq etməyi düşünə bilərəm. Lakin onun dəyərlərinin, prioritetlərinin fərqli olduğunu qəbul etsəm və bu fərqə hörmət etsəm, bu aldadıcı həvəsdən çəkinə bilərəm.”

“İnanan insan üçün burada dini teoloji element də var. Sənin başqalığına hörmət etməliyəm, çünki bu, ən mütləq başqası olan Tanrıdan gəlir. Hər birimiz tanrı kimi yalnızıq. Mən kiməm ki, sizi mühakimə edim? Mən sadəcə şahidəm, hakim deyiləm. Bilirsiniz, Dantenin “Cəhənnəm”ində heç vaxt tanrıya adı ilə istinad edilmir. “Tanrı” sözü görünmür. Əvəzində, “Başqa” sözü istifadə olunur. Eyni şey “Ester” kitabında da keçərlidir: Tanrının adı ilə rastlaşmırıq.

Lakin bu iki eliziya, adın istifadə edilməməsi fərqli səbəblərə görə baş verir. “Cəhənnəm”də obrazlar cəhənnəmdə olduqlarına görə tanrının adını söyləmələri qadağandır. “Ester” kitabı isə tanrının tarixdəki gizliliyini, tanrının təbii və ya siyasi proseslər vasitəsilə necə çalışdığını tədqiq edir. Bir-birimizə yad olduğumuzu anladığımız zaman, bir-birimizə həqiqətən hörmət etməyə başlayırıq. Bu hörmətdən isə dostluq yarana bilər.”

Professorun fikrincə, dünya görüşlərimiz və düşüncələrimiz arasında olan məsafəni dağıtmaqdansa, bu boşluğu, fikir ayrılığını əldə saxlamalıyıq. Bu şəkildə biz, “əks olan yardımçılar”, dost antaqonistlər, fikirlərimizi aydınlaşdıran tərəfdaşlar rolunu oynayırıq. Çoxumuz aramızda olan əlaqəni təşviq etmək üçün o qədər mənəvi enerji xərcləyirik ki, fərqliliyimizi həqiqətən vurğulamağı, qeyd etməyi unuduruq. Bütün insanların bizə bənzədiyini etiraf edirik. Müxtəlif insanlarla, dinlərlə, etnik qruplarla, dillərlə, dəri rəngləri ilə, üz quruluşları ilə birlikdə o qədər rahat yaşamağa iddia edirik ki, bu fərqli insanları daha görmürük. Bu cür tolerantlığın gətirdiyi bir yorğunluq var. Daha heç nə bizi təəccübləndirmir və görmədiyimiz nəsnəyə hörmət etmək çətindir.

Vizel tamamilə fərqli yanaşma öyrədir. Başqasını yaxın, tanış kimi görməkdənsə, yaxınlarınızı başqa kimi görün, sanki əvvəllər heç vaxt onu görməmisiniz. Professor Vizel mənə bir dəfə söyləmişdi: dostluğun ən yüksək səviyyəsi bir-birinizi heç vaxt tam tanımadığınız zaman yaşanır, bu zaman bir-birinizdə həmişə yeni bir başqasını görürsünüz, təəccüb duyğusu yaşayırsınız və bir-birinizi sübuta ehtiyacı olmayan məcburiyyət kimi qəbul etmirsiniz.

Mənbə: Ariel Burger

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR